Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.
Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir.
Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Xanım Prezidentin bərpaolunan enerji barədə dedikləri ilə bağlı bildirmək istərdim ki, bu, həmçinin bizim iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzaladığımız Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun bir hissəsidir. Beləliklə, əminəm ki, bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq.
Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var.
Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu, olmadan əlavə təchizatı təmin etmək çətin olacaq.

Nurlan Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi
Sentyabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlətimizin başçısı Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib.

“Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İki ölkə arasında diplomatik əlaqələr 05 iyun 1992-ci ildə qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 1999-cu il dekabr ayından, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi isə 16 aprel 2004-cü ildən fəaliyyətə başlamışdır. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. Iki ölkə arasında əlaqələrin inkişafında ölkə parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri, hər iki ölkə parlamentində fəaliyyət göstərən Parlamentlərarası işçi qruplarının fəaliyyəti də rol oynayır. İşçi qrupunun üzvləri qarşılıqlı olaraq hər iki ölkədə keçirilən prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak edirlər.
İki ölkə arsında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. İlk dəfə 1995-ci ilin 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Bolqarıstan tərəfdən ilk dəfə Bolqarıstan Respublikasının Prezidenti Pyotr Stoyanov 02-03 dekabr tarixlərində Azərbaycana rəsmi səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana ilk rəsmi səfəri 2005-ci ilin 23-24 sentyabr tarixlərində baş tutmuşdur.
Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə şatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin və Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovun 15-16 yanvar 2018-ci tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərləri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaratmışdır. Bu vaxta kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
İki ölə arasında energetika sahəsində aməkdaşlıq strateji səviyyəyə çatmışdır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin malyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. “Şahdəniz” yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur.
Ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox ugurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.
Valeh Əmrahov Nizami Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.
Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Fəridə Rzayeva Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçisi
Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı.
3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Ümummilli Liderin andiçmə mərasimindəki nitqini yada salaq: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ümummilli lider xalqa verdiyi sözə sadiq qaldı, 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. İlk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparan Ümummilli lider qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etdi. Dahi rəhbərin uzaqgörən siyasəti və idarəçiliyi ilə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilmısi, ölkənin xaos vəziyyətdən çıxarılması hamısı birbaşa Ümummilli liderin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Elə bu əməllədinə görə də Heydər Əliyev adı gələndə xalqın gözündə ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirmiş Ulu Öndər canlanır.

1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.

Qərbə inteqrasiya yolunu tutan Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir;
Ulu Öndər Heydər Əliyev mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xatirəsi hər birimizin qəlbində ən uca yerdədir, həmişə ehtiramla yad edilir.

Vəli Hüseynli Nizami rayonu 61 saylı məktəbin müəllimi
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının ana xəttini təşkil edən "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
"Əsrin müqaviləsi" bütövlükdə dövlətin və xalqın gələcək taleyində həlledici rol oynamaqla sabit və tarazlı inkişafa ciddi zəmin yaradan taleyüklü bir hadisə idi. "Əsrin müqaviləsi" eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsinin təcəssümü idi.
İllər keçdikcə, ölkə vətəndaşları müstəqil Azərbaycan dövlətçiliyinin memarı, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əfsanədən gerçəkliyə çevrilən bu hadisənin əhəmiyyətini, bugünkü uğurların əsasında yeni neft strategiyasının dayandığını daha aydın şəkildə dərk edirlər. Məhz uğurlu neft strategiyası ölkəmizin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, milli mənafeyini yüksək səviyyədə təmin etməsi, Avratlantik məkanın enerji təhlükəsizliyinə mühüm töhfə verməsi baxımından müstəsna rol oynamışdır.
Heydər Əliyevin nümayiş etdirdiyi yüksək prinsipiallıq və qətiyyət bəhrəsini vermiş, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış neft şirkətləri arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında" müqavilə imzalanmışdır. Beynəlxalq aləmdə yüksək qiymətləndirilərək "Əsrin müqaviləsi" adını almış həmin kontraktda 8 ölkənin 13 ən məşhur neft şirkəti iştirak etmiş, bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmuşdur. Belə bir müqavilənin ərsəyə gəlməsi təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət daşımışdır. Xüsusi vurğulamaq lazımdır ki, "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının həcminə, həm də qoyulan sərmayələrin məbləğinə görə dünyada bağlanan ən böyük sazişlər siyahısına daxil edilmişdir.
Yalnız "Əsrin müqaviləsi" çərçivəsində Qərb şirkətlərinin respublikamıza 20 milyard dollardan artıq investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Yeni texnologiyaların, müasir avadanlığın, maşın-mexanizmlərin istehsalatda tətbiqi, yeni idarəetmə metodlarının mənimsənilməsi, ən əsası Dövlət Neft Şirkətinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması da "Əsrin müqaviləsi"nin gətirdiyi dividendlər sırasında xüsusi vurğulana bilər.
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması da kifayət qədər mübahisəli və çətin məsələlərdən olmuşdur. Amma ulu öndər Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, habelə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996-cı ilin yanvar ayında "Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında" Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir.

1997-ci ildə isə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli nəzərdə tutan saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də ölkə tarixində daha bir əlamətdar hadisə baş vermiş, Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti isə 5 milyon ton olan Bakı-Supsa neft kəməri, habelə Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.
Əsas ixrac neft boru kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi də "Əsrin müqaviləsi"ndə payı olan dövlətlər üçün strateji əhəmiyyətli məsələlərdən olmuşdur. Ulu öndər Heydər Əliyev bununla bağlı müdrik və uzaqgörən qərarını hələ ötən əsrin 90-cı illərinin ortalarında vermiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ideyasını ilk dəfə olaraq gündəmə gətirmişdir. BTC-nin üzərində israr edən Heydər Əliyev bunun siyasi və iqtisadi baxımdan ən optimal qərar olduğunu sübuta yetirmişdir.
1999-cu ilin noyabrında ATƏT-in İstanbul Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuş və tikintisinə başlanmışdır. Yeddi il sonra - 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.

"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın siyasi müstəqilliyini möhkəmləndirməklə yanaşı, respublikanın iqtisadi inkişafını təmin etmiş, ölkəyə xarici investisiya axınını gücləndirmiş, eyni zamanda maliyyə sabitliyinin təmin olunması iqtisadi modernləşmə istiqamətində effektiv tədbirlər həyata keçirilməsinə imkan vermişdir.

Nərmin Cəfərova Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı
Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir.
Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
1993-cü ildə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri də erməni vandallarının dağıntılarına məruz qaldı. 27 il erməni tapdağı altında olan Xudafərin ötən il rəşadətli Azərbaycan ordusu tərəfindən 18 oktyabrda - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günündə azadlığa qovuşdu, Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldıldı. Həmin gün xalqımız bir gündə iki bayramın sevincini yaşadı. Prezident İlham Əliyev şanlı ordumuzun Xudafərin zəfəri barədə deyib: "Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik".
Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin körpüsü, eyni zamanda iqtisadi, siyasi və mədəni əhəmiyyətinə görə Azərbaycan tarixində mühüm iz buraxıb. Sovetlər dönəmində Xudafərin körpüsü üzərində sərhəd xidmətinin yerləşməsi, eləcə də körpünün yaxınlığında su elektrik stansiyasının tikilməsi onun müstəsna strateji əhəmiyyət daşıdığını göstərir. Hələ, 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Xudafərin körpüsü üzərində hidroqovşaqların inşasına dair Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini nəzərdə tuturdu. O zaman bəzi siyasi qüvvələr iddia edirdilər ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu az qala “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir, hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Əslində, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəd idi.
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi. 2016-cı ildə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni, həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirilib. Xudafərin körpüsü üzərində məlum layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpasında, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Azərbaycan bu layihələrdən istifadə etməklə iqtisadi potensialını gücləndirəcək. Bu elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll olunacaq, bölgənin qısa müddətdə bərpasına və inkişafına şərait yaranacaq. Bu, həm də Azərbaycan enerjisinin ixracı baxımından yeni imkanlar deməkdir.
Rəşad Ədilzadə Bakı Texniki Kollecin tələbəsi
Cəbrayıl rayonunda quruculuq işləri sürətlə davam etdirilir.
İki il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb.
Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib.
1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Cəbrayıl rayonunun ərazisi mərmər və digər qiymətli tikinti materialları ilə zəngindir. Rayonda hətta neft yataqlarının olduğu da bəllidir.
Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub.
Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı Mazan nənə türbəsi, Mərmər nənə məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə (“Dairəvi”) və məqbərələr, Türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı ermənilər tərəfindən məhv edilib və ya dağıntıya məruz qalıb.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarımızda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb.
Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.
SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.
Bunlardan başqa, təməllləri dövlətimizin başçısı tərəfindən qoyulan “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və Memorial Kompleksin tikintisi aparılır.
Dövlətimizin böyük qayğısı və diqqəti, insanlarımızın qurub-yaratmaq eşqi tezliklə Qarabağın bu dilbər güşəsini də gözəlliklər diyarına çevirəcəkdir.

Elza Məmmədova Nizami rayonu 109 saylı məktəbin müəllimi
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir!
İki il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb.
Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib.
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.
Vətən Müharibəsi vaxtı olduğu kimi postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurlu bir sözlə, unudulmaz günlərini yaşayır. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Azərbaycan xalqı qədim, mədəni, xeyirxah, dövlətlər quran, zəfərlər çalan xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların hamısı bizimçün əzizdir, doğmadır. Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir.
Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb, Xudafərin bizim üçün milli qürur məsələsi idi.
Cəbrayılda qazanılmış qələbələr Ordumuzun Xocavənd rayonunun güney kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi yönündə hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu.
Qəhrəman Qasımov Nizami rayonu 238 saylı məktəbin müəllimi, Qarabağ veteranı
Böyük qələbəyə gedən yol
İllər ötəcək, ancaq Azərbaycan xalqı 27 sentyabr 2020-ci il tarixini heç vaxt unutmayacaq. Bizim böyük Qələbəyə gedən yolumuz məhz iki il bundan əvvəl sentyabrın 27-də başladı. Həmin gün xalqımızı, dövlətimizi şanlı Zəfərdən 43 gün ayırırdı. 44 günlük Vətən müharibəsinin ilk günündə ölkəmizdə bir sıra önəmli hadisələr yaşanıb.
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Ordumuzun şəxsi heyəti və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv ediblər.
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib. Çıxışında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının başlamasına aydınlıq gətirən dövlətimizin başçısı bizim mübarizəmizin haqq mübarizəsi olduğunu və xalqın Ordunu dəstəklədiyini diqqətə çatdırıb: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.
27 sentyabrda başlayan genişmiqyaslı əks hücum əməliyyatları nəticəsində düşmən qüvvələri darmadağın edildi, 44 günlük Vətən müharibəsində əzəli tarixi torpaqlarımız işğaldan azad olundu, tarixi və şanlı qələbə-Zəfər çalındı.
27 sentyabr Vətən müharibəsinin başlandığı gün Anım Günüdür. Tarixi qələbəmizə gedən şərəfli yol bu gündən başladı.
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti səfəri zamanı Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxış edərək demişdir: “Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.”
Laura Quliyeva Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru
Xalq-dövlət birliyinin möhtəşəm qələbəsi
“Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərdi.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur
Artıq tarixə dönən 2020-ci ilin əsas hadisələri və yekunları barədə söhbət açdıqda, ilk növbədə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi və müharibədə qazanılan şanlı qələbəmiz yada düşür. Müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə ədalət xarakteri daşıyırdı. 44 gün davam edən müharibədə Azərbaycan öz gücünü düşmənə göstərdi, onun ordusunu tamamilə sıradan çıxardaraq diz çökdürdü. Müzəffər Ordumuz 300-dək yaşayış məntəqəsini, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğalçılardan təmizlədi. Noyabrın 8-də Şuşa, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Bundan sonra müharibəni davam etdirməyin mənasız olduğunu dərk edən işğalçı Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.
Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın əzmini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.
Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yaydılar. Eyni zamanda, 1128 QHT-nin xalqımıza müraciəti ünvanlandı. Müraciətdə QHT-lərin Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqları diqqətə çatdırıldı. Bundan başqa, 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət edildi.
44 günlük Vətən müharibəsi dövründə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin cəmiyyətimizə müraciətləri Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Xalq-dövlət birliyinin möhtəşəm qələbəsi Azərbaycanın gələcək taleyinə və tarixinə qızıl hərflərlə yazıldı.
Mayıl Əliyev Nizami Rayon Ağsaqqallar Şurasının sədri