Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu, inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində bütün sahələrdə aparılan islahatlar, əldə olunan mühüm nailiyyətlər hər bir vətəndaşımızın həyatında özünü göstərməyə başladı. Digər dövlətlərin bəlkə də 50 ildə qazana bilmədiyi uğurlara Azərbaycan 10 il ərzində nail oldu. Əlbəttə ki, bütün bu uğurların düşünülmüş, gələcəyə hesablanmış və məqsədyönlü siyasətin nəticəsində qazanıldığını yaxşını pisdən ayırmağı bacaran Azərbaycan xalqı açıq-aydın görür və bu siyasəti hamılıqla dəstəkləyirdi. Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Ulu Öndər 1993-2003-cü illərdə bu istiqamətdə olduqca mühüm, böyükmiqyaslı işlər gördü. Lakin hələ tamamlanmamış çox perspektivli layihələr, görüləsi işlər var idi. Ümummilli lider Heydər Əliyevin səhhətində yaranan problemlər onun başladığı, nəticələrini aydın gördüyü işləri tamamlamağa imkan vermirdi. Həmin dövr üçün mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq qeyd etməliyik ki, Heydər Əliyev siyasətini davam etdirmək, kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycanı Ulu Öndərin görmək istədiyi mövqelərə çıxarmaq olduqca çətin idi. Belə bir tarixi məqamda xalq İlham Əliyevin simasında öz yeni liderini görürdü. Belə bir əminlik yaranmışdı ki, Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı inkişaf strategiyasını məhz onun siyasi varisi İlham Əliyev reallaşdıra bilər. 2003-cü il oktyabrın 1-də Prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Əlbəttə ki, bu inam Ulu Öndərin siyasi varisi İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Hələ prezident seçkiləri ərəfəsində - 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev müsahibələrinin birində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi səriştə, möhkəm iradə və xalqın Ümummilli Liderin siyasətinə və ona inamı dayanırdı. İlham Əliyev həm də ölkə, xalq qarşısındakı xidmətləri ilə özünütəsdiq etmiş praqmatik siyasətçi idi və bilirdi ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev də andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Vəli Hüseynli Nizami rayonu 61 saylı məktəbin müəllimi |