Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə, qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir.
Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Hərbçilər, qazilər və şəhid ailələrinə göstərilən böyük qayğı və diqqətlə bağlı möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Məhi Mehdiyev
Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan neft strategiyası Prezident İlham Əliyevin birbaşa rəhbərliyi dinamik inkişaf edərək dövlət siyasətimizin əsas sütünuna çevrildi.
1994-cü il sentyabr ayının 20-də bağlanmış “Əsrin müqaviləsi”ndən başlayaraq ölkəmiz dünya neft aləmində öz nüfuzunu artırmağa başladı. Neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoydu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Neft sazişlərinin əhəmiyyətinin ən dolğun mahiyyətini ölkəmizin başçısı İlham Əliyev belə şərh etmişdir: «Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi».
Azərbaycanın neft strategiyası haqlı olaraq uzunmüddətli milli inkişaf proqramı kimi dəyərləndirilir. Bu strategiyanın əsas qayəsi ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin üzləşdiyi problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşmasıdır.
Prezident İlham Əliyevin uğurlu neft siyasəti ölkəmizə qoyulan xarici investisiyaları nəinki artırdı, hətta Azərbaycan dövləti xarici ölkələrə irihəcmli investisyalar qoymağa nail oldu. Məhz Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində SOCAR-ın maliyyəsi ilə inşa olunan Star Neft Emalı Zavodu buna canlı misaldır. 2018-ci ilin oktyabrın 19-da fəaliyyətə başlayan, ümumi investisiya dəyəri 6,3 milyard ABŞ dolları təşkil edən zavodda ildə 10 milyon ton xam neft emalı edilir.
Prezident İlham Əliyevin neft strategiyasının digər önəmli mərhələsi 2017-ci ilin 14 sentyabr tarixidir. Bu tarixdə Azərbaycan hökuməti və BP başda olmaqla beynəlxalq konsorsium ilə «Azəri-Çıraq-Günəşli» neft-qaz yatağının 2050-ci ilə qədər işlənməsi haqqında yeni, ölkəmiz üçün daha əlverişli şərtlərlə saziş imzalandı.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Dünya enerji bazarında. xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın fəal iştirakının təmin olunması Prezident İlham Əliyevin müstəsna xidmətlərindən sayılır. Bu sahədə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması uzaqgörən siyasətin tərkib hissəsidir.
Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Dəhliz, eyni zamanda, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu.
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişdi.
Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib. Dövlət başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxu ümid etmirdi. Layihənin xərclər smetası böyük idi, maliyyələşmə məsələləri var idi. Bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Ümumiyyətlə, Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi.
Layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirdi. TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın həyata keçirdiyi təşəbbüsdür. Region hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış bu təşəbbüsdən faydalana biləcək və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq.

Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi
Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş apardı. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna malikdir və dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Heydər Rəhimov
Qarabağ veteranı, ehtiyatda olan zabit
Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dəyirmi masada çıxış edən Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Dövlətimizin başçısı deyib ki, bu sülh müqaviləsinin əsasını Azərbaycanın təklif etdiyi 5 prinsip - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir.
Prezident İlham Əliyev bu xüsusda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində və Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı xatırladıb ki, oktyabrın 2-də iki ölkənin xarici işlər nazirləri bu xüsusda görüş keçiriblər. Sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməməli, mümkün qısa zaman kəsiyində başa çatdırılmalıdır.
Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir. Vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.
Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib. Deyib ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər.
Yekunda Prezident İlham Əliyev bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu qeyd edib, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkib. Bu prinsipə münasibətdə eyni yanaşmanın və dövlətlərarası münasibətlərdə bu prinsipin üstünlük təşkil etməsinin vacibliyini vurğulayıb. Həmçinin bu prinsipə münasibətdə selektiv yanaşmaların kənara qoyulmasının önəmini qeyd edib.


Sevil Əliyeva
Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
08.10.2022 Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır.Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət -- yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.
Azərbaycanın Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verməsi getdikcə bu qurumla münasibətləri daha da möhkəmləndirir.
Azərbaycan “Avropa qonşuluq siyasətinə” qoşulduqdan bir neçə il sonra ölkəmizlə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, 2008-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirmiş və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri daha da gücləndirilir, texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı daha da inkişaf etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Çünki Avropa İttifaqı ölkələrinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycan əsas yer tutur.
Respublikamızın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi xarici siyasətimizin prioritetlərindəndir. Avropa İttifaqının qəbul etdiyi bir sıra sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Avropa Komissiyası ilə Azərbaycan arasında qəbul olunan çox mühüm sənəd hesab olunan “Tərəfdaşlıq prioritetləri”ndə bu məsələlər öz əksini tapıb.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu sahədə ölkəmiz Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.
Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti keçirdiyi görüşlərin, imzalanmış sənədlər və qarşıda duran əsas məsələlərlə bağlı Azərbaycan televizisiyasına verdiyi müsahibədə Azərbaycan Avropa əlaqələrinin dinamik inkişaf etdiyini, ölkəmizin Avropa üçün artan əhəmiyyətini bir daha vurğulayıb: “Bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır, əlbəttə ki, ilk növbədə, enerji sahəsində. Buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə bilərəm. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.
Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə tuturam. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Yəni, bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Mən bunu çox yüksək qiymətləndirirəm”.


Nurlan Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi
08.10.2022 Azərbaycan Prezidenti İlham Əliyevin Praqada böyük siyasi-diplomatik qələbəsi.Prezident İlham Əliyev Praqa görüşündə Ermənistan baş naziri Nikol Paşinyanın bütün hədəflərini bloklamaqla və onu Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edən sənədi imzalamağa məcbur etməklə, olduqca ciddi siyasi-diplomatik qələbə qazandı. Azərbaycanın ərazi bütüövlüyü və sərhədlərinin toxunulmazlığı BMT Nizamnaməsinə istinadla qarantiya altına alındı.
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmauel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 6 oktyabr 2022-ci il tarixdə Praqada keçirdikləri dördtərəfli görüşdə müəyyən irəliləyişlər əldə olunub. Bu, görüşdən sonra iştirakçı tərəflərin yaydığı bəyanatda yer alan bəzi məqamlarda da özünü qabarıq şəkildə göstərir. Yaxın gələcəkdə imzalanacaq Azərbaycan-Ermənistan yekun sülh sazişində bu məqamların həlledici təsiri ola bilər.
Həmin dördtərəfli bəyanata görə, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə, eləcə də 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Alma-Ata Bəyannaməsinə əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu da gələcək sülh sazişinin imzalanması istiqamətində olduqca önəmli addım sayıla bilər.
İştirakçı tərəflər təsdiqləyiblər ki, bu sənəd delimitasiya komissiyalarının işi üçün əsas olacaq və komissiyaların növbəti iclası oktyabrın sonunadək məhz Brüsseldə keçiriləcək. Eyni zamanda, Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasını təşviq etməyə razılaşıb. Rəsmi Bakı isə həmin mülki missiya ilə Azərbaycana aid olacaq dərəcədə əməkdaşlığa razılıq verib.
Praqada imzalanmış sənədlə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü artıq tanımış oldu. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiqliyin vurğulanması məhz bunu ifadə edir. Çünki, həmin sənəddə Azərbaycanın milli maraqlarına zidd hər hansı ciddi məqam yoxdur. Bu sənəd yalnız Azərbaycan və Ermənistan arasında deyil, MDB-yə üzv olan bütün ölkələr tərəfindən imzalanıb və MDB-yə üzv olan bütün ölkələr həmin sənədi imzalamaqla, bir-birinin ərazi bütövlüyünü tanıyıblar.
Praqa Bəyanatında Azərbaycan və Ermənistanın BMT-nin Nizamnaməsinə sadiq olduqlarını vurğulamaları bu məsələdə iki qat qarantiya rolunu oynayır. Böyük ehtimalla BMT-nin Nizamnaməsinə sadiqlik məhz Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə sənədə qeyd olunub. Bu özlüyündə Azərbaycan üçün olduqca ciddi hüquqi müdafiə təminatı verir. Çünki BMT Nizamnaməsində üzv dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı heç vaxt dəyişdirilməyəcək hökm mövcuddur və indi BMT Nizamnaməsi Azərbaycanın ərazi bütövlüyünün hüquqi qarantıdır.
Ermənistan BMT Nizamnaməsinə sadiqliyini vurğulamaqla, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını bir daha qəbul etmiş olur. Yəni, rəsmi İrəvan “Dağlıq Qarabağı” Azərbaycan ərazisi kimi tanıyır və bundan sonra heç bir halda, ərazi iddiaları irəli sürə bilməz. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Praqada Ermənistan və Fransa rəhbərləri üzərində qazandığı böyük siyasi-diplomatik qələbəsidir.

Həqiqət Gülalıyeva Nizami rayonu 210 saylı məktəbin direktoru, tarixçi
07.10.2022 Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında "Azərbaycan Milli Şəhərsalma Forumu" xüsusi əhəmiyyət kəsb edir.Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - "Azərbaycan Milli Şəhərsalma Forumu"na ev sahibliyi etdi.
44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.
Forumda çıxış edən Prezident İlham Əliyev bir daha erməni vandalizminin əyani təzahürlərini və postmüharibə dövründəki Azərbaycan həqiqətlərini göstərərək qətiyyətli mövqeyini bir daha bəyan edib.
İlk forumun məhz Ağdam şəhərində baş tutmasının tarixi və rəmzi mənası var idi. İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq erməni vandallarının 30 il ərzində törətdikləri cinayətləri təkcə bir şəhərimizin fonunda beynəlxalq ictimaiyyətə təqdim etdi. Prezident bunu yalnız müharibədən sonra işğaldan azad olunan torpaqlarımıza səfər edən xarici ekspert və jurnalistlərin söylədikləri həqiqətlər əsasında diqqətə çatdırdı: "Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri "urbisid qurbanı" idi, bu da tamamilə doğru idi. Digər ad "ruhlar şəhəri" idi, bu da tamamilə doğrudur. Biri də "Qafqazın Xirosiması" idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur".
İlham Əliyev həmçinin Vətən müharibəsindən ötən iki il ərzində Azərbaycanın yalnız öz qüdrətinə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı layihələri diqqətə çatdırıb. Təkcə bu dövrdə Azərbaycan iki hava limanı, yaşayış kompleksləri, yol-nəqliyyat infrastrukturları, su və elektrik stansiyaları inşa edib. Qarşıdakı dövrdə isə daha möhtəşəm layihələr reallaşdırılacaq. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, görülən işlərin yalnız bir hissəsidir: "Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş-elektrik stansiyasının tikintisinə başlayacağıq. Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır".
İlk Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Heydər Rəhimov Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni işgalçıları tərəfindən 30 il ərzində törədilmiş vandalizm hərəkətlərindən, Azərbaycanın tarixi-mədəni və dini abidələrə vurduğu ziyandan geniş məlumatlar verib. Çıxışında dövlətimizin başçısı qeyd edib ki, “Bir zamanlar həyat dolu olan Ağdam şəhərindən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb. Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub”.
Erməni qəsbkarları tərəfindən 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüz nəticəsində tarixi-mədəni irsimiz ciddi zərər görüb. İşğal altında qalmış Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər isə öz əxlaqsızlıqlarını bir daha nümayiş etdirərək, məscidlərimizin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələrimiz də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
Çıxışında İlham Əliyev vurğulayıb ki, Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz.
Eyni zamanda dövlətimizin başçısı bütün çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş bütün tarixi torpaqlarımızda, o cümlədən Ağdam rayonunda da böyük quruculuq işlərinin aparıldığını qeyd edib və xüsusilə vurğulayıb ki, “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq”.


Tənzilə Lətifova Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti
Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq, məsələnin həllində qətiyyətsizlik nümayiş etdirdiklərini, bununla bağlı Ermənistana hər hansı bir təzyiqin göstərilmədiyini və nəticədə münaqişənin belə uzun müddətə uzanmasına səbəb olduğunu bildirmişdir. Dövlətimizin başcısı qeyd etmişdir ki, “Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib. Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur”.
ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövrü əhatə edən vasitəçilik missiyası uğursuzluğa düçar oldu. Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər Minsk qrupunun yarıtmaz fəaliyyəti barədə dəfələrlə iradlarını bildirib və hətta həmsədrlərin dəyişdirilməsi məsələsini gündəmə gətirsələr də bu təkliflər nəticəsiz qaldı. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan, eləcə də bəzi beynəlxalq güclər zaman keçdikcə millətin bu işğalla barışacağını düşünür, fəaliyyətsiz mövqe sərgiləyirdilər. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və milləti öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların fəaliyyətini reallığa çeviririk. Maraqlıdır ki, 30 ilə yaxındır münaqişənin tənzimlənməsi, haqq-ədalətin bərpa olunması üçün heç bir iş görməyən həmsədrlər müharibədən sonra aktivləşməyə başladılar, açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirdilər. Minsk Qrupu tərəfsizliyin üstündən xətt çəkərək Ermənistanın yanında yer aldı.
Tarixi ədaləti, beynəlxalq hüququ öz gücümüzə bərpa etdiyimiz bir vaxtda yenidən Minsk Qrupunu dirçəltmək istəyirlər. Artıq münaqişə həllini tapıb, Ali Baş Komandan məsələni cəbhədə həll edib, indi də diplomatik masada həll edir. Ona görə Minsk Qrupuna heç bir ehtiyac hiss olunmur. Ancaq buna baxmayaraq həmsədrlər yenə də Dağlıq Qarabağın statusunun həll olunması ilə bağlı təkliflər irəli sürür və bu məsələni Minsk qrupunun gündəmində saxlayırlar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 2020-ci il 10 noyabr bəyanatında da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir ifadə işlədilməyib və belə bir mövzunun müzakirəyə çıxarılmayacağı bəyan olunub. 30 ilə yaxındır sülhə xidmət etməyən Minsk qrupu tərəflər arasında anlaşma yaratmaq yerinə, reallığa zidd bir tələblə gündəmə gəlməklə ermənipərəst siyasətini açıq şəkildə biruzə verir.
Əgər Minsk Qrupu yenidən danışıqlar prosesinə cəlb olunmaq istəyirsə qərəzsiz mövqe sərgiləməlidir. Təxribatçı bəyanatlarla heç bir danışıqdan söhbət gedə bilməz. Minsk Qrupu öz fəaliyyətini yeni reallıqlara uyğun qurmalı, sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi ilə məşğul olmalı, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasını nəzərdə tutan təşəbbüslərlə çıxış etməlidir.

Dilqəm Əlirzayev Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı
Bolqarıstan Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminə qatılıb və tədbirdə çıxış edib.

“Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.
Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.
İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.
IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.
Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji bazarında etibarlı neft təchizatçısı olduğunu, indi isə etibarlı qaz təchizatçısına çevrildiyini bildirib və xüsusilə qeyd edib ki, “ Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir.
Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir”.

Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi