16.12.2022 Aksiya iştirakçılarının mövqeyi bütün Azərbaycan xalqının mövqeyidir. Aksiya iştirakçılarının mövqeyi bütün Azərbaycan xalqının mövqeyidir.

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi nəticəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.
Cari ilin 3 dekabr tarixindən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.
Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib.
Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları isə tamamilə ağ yalandır. Ermənistan rəhbərliyi hər dəfə olduğu kimi hadisələrin əsil mahiyyətini gizlədərək Qarabağ ermənilərinin sosial vəziyyətini hədsiz dərəcədə qabardaraq siyai oyunlar aparır, dünya ictimaiyyətini aldatmaqla yazıq və məzlum Qarabağ ermənilərinin halına acıyaraq göz yaşları axıtmağa başlayıblar.
Lakin artıq onların göz yaşlarına dünya inanmır, belə çıxışlar isə ancaq vəziyyətin daha da gərginləşməsinə gətirib çıxardacaq. Ən yaxşısı odur ki, Ermənistan rəhbərliyi 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirsin.
Əks halda aksiya davam edəcək, qaldırılmış bütün tələblər öz həllini tapacaqdır. Aksiya iştirakçılarının mövqeyi bütün Azərbaycan xalqının mövqeyidir.


Mayıl Əliyev Nizami Rayon Ağsaqqallar Şurasının sədri
15.12.2022 Zirvə Görüşü Türk Dövlətlərinin əməkdaşlığının daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə üçtərəfli Zirvə Görüşü keçirilib.
Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Türk Dövlətləri arasında mövcud əlaqələrin daha da gücləndirilməsinə və inkişafına yeni töhvələr verən bu görüşün əhəmiyyətinə diqqət yetirən dövlətimizin başçısı qeyd edib ki, “Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.”
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul olunub, həmçinin “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” və “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünü yüksək qiymətləndirib: “Bu Zirvə görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir. Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir”.
Heydər Rəhimov Nizami Bələdiyyəsi sədrinin I müavini
15.122022 Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli Zirvə Görüşü Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirib və qeyd edib ki, “Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.”
Dövlətimizin başçısı çıxışında deyib: ”Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.”
Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıldığını bildirən İlham Əliyev bu sahədə həyata keçirilən bir çox layihələr öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd etmişdir.
İlham Əliyev xüsusilə vurğulamışdır: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.”
Zəngəzur dəhlizi ilə bağlı görülmüş işlər barədə məlumat verən dövlətimizin başçısı artıq bu sahədə dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunduğunu bildirib və bütün işlərin 2024-cü ildə tamamlanacağını və nəticədə yeni nəqliyyat dəhlizi yaranacağını bildirib.
İlham Əliyev çıxışında xüsusi olaraq vurğulayıb ki, “2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.”
Dilqəm Əlirzayev Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı
09.12.2022 Heydər Əliyev və Azərbaycanda Ordu quruculuğu“Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır.”
Ulu Öndər Heydər Əliyev
Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.
Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".
1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.
Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusu artırıldı, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradıldı. Eyni zamanda “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqın­da”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edildi.
Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması və genişlənməsi də məhz ümummilli liderimizin adı ilə bağlıdır. Bu əlaqələrin əsası 1994-cü ildə qoyulmuşdur. Belə ki, həmin il may ayının 4-də Azərbaycan Respub­likası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuş, 1996-cı ilin aprel ayında isə Azərbaycan Prezidenti NATO-nun Baş katibinə Azərbaycanın prezentasiya sənədlərini təqdim etmişdir. Silahlı qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması, mərkəzləşdirilmiş maddi-texniki bazasının yaradılması, hərbi təhsil sisteminin yeni prinsiplər əsasında qurulmasına əsaslı zəmin yaratmışdır. Ardıcıl həyata keçirilən tədbirlər sayəsində ordu ilə xalqın vəhdəti, orduda mərkəzləşdirilmiş komandanlıq prinsipi tam təmin edildi. Silahlı qüvvələrin maddi-texniki təminatı möhkəmləndirildi, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırıldı.
Ulu Öndər tərəfindən əsası qoyulmuş ordu quruculuğu cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi.

Heydər Rəhimov Qarabağ veteranı, ehtiyatda olan zabit
09.12.2022 Heydər Əliyev və Azərbaycan neft strategiyası Ümummmilli Lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda hökm sürən total iqtisadi böhrandan çıxmaq üçün bir sıra islahatlar işləyib həyata keçirməyə başladı. Belə bir çətin vəziyyətdə Heydər Əliyev neft amilindən istifadə edilməsini həmin dövr üçün yeganə çıxış yolu kimi dəyərləndirirdi. Bu məqsədlə ölkəmizin neft strategiyası işlənilib hazırlandı
‎ Neft strategiyası ölkənin enerji ehtiyatlarının iri xarici neft şirkətləri ilə qarşılıqlı faydalılıq prinsipinə söykənərək, əməkdaşlıq əsasında iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutan uzunmüddətli milli inkişaf proqramıdır. Həmin strategiya işlənilib hazırlanarkən həm indiki, həm də gələcək nəsillərin maraqlarının nəzərə alınması əsas şərt kimi qoyulub. Bu prinsip Heydər Əliyev sözləri ilə belə ifadə edilib: "Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur."
Azərbaycanın neft strategiyası çərçivəsində imzalanan ilk saziş Xəzərin ‎Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının xarici neft şirkətləri ilə birgə işlənilməsini nəzərdə tuturdu. Həmin müqavilənin hazırlanması üzrə danışıqlar Bakı, İstanbul və Hyüston şəhərlərində bir ildən çox ‎davam etdirildi və müqavilə 1994-cü ilin ‎sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırıldı. Hasilatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu müqavilə 30 il müddətinə adı çəkilən yataqlardakı enerji ehtiyatlarının dünyanın 8 ölkəsini təmsil edən 11 iri neft şirkəti ilə birgə işlənilməsini nəzərdə tutur. Sonralar həmin saziş "Əsrin ‎müqaviləsi" adı ilə tarixə düşdü. Bu müqavilə ilə Azərbaycanın yeni neft ‎strategiyasının və bu günkü sürətli inkişafının əsası qoyuldu. Müqavilənin imzalanmasından bir neçə gün əvvəl bəyanat verən Azərbaycan Prezidenti Heydər Əliyev onu ölkəmizin suverenliyinin qorunması və milli ‎iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən ‎biri kimi qiymətləndirərək deyib: "Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm".
Həmin müqavilə 20 sentyabr 1994-cü ildə Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır.
Onun yenidən milli istiqlalını qazanan Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ‎möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun genişlənməsində və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən milli iqtisadiyyatın formalaşmasında müstəsna əhəmiyyəti oldu. Hazırda 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”
Ölkənin mənfəət neftindən əldə edilən vəsaitlər 1999-cu ilin dekabrında Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır. Fondun yaradılmasında əsas məqsəd neft gəlirlərindən milli iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün ehtiyat, sosial-iqtisadi və investisiya yönümlü layihələrin maliyyələşdirilməsini təşkil etməkdən ibarətdir. ARDNF özündə sabitləşdirici və toplayıcı funksiyaları birləşdirir. Eyni zamanda ARDNF-nin nizamnamə sənədləri ondan insan inkişafı və qeyri-neft sektorunun inkişafına yardım məqsədilə istifadə edilməsini nəzərdə tutur. Neft gəlirlərinə ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə ARDNF-nin Müşahidə Şurası yaradılıb.
Neft strategiyası sayəsində milli iqtisadiyyatın əsasını təşkil edən neft-kimya, neft emalı sənayesi və bunlarla bağlı alt sahələrin müasir standartlara cavab verən infrastrukturu quruldu. Neft emalı və neftayırma sahəsində əldə edilən böyük təcrübə və mütəxəssis kontingenti sayəsində Azərbaycan hökuməti xarici ölkələrin adı çəkilən sahələrinə irihəcmli investisiya qoyuluşları etməyə başlayıb. Bu gün Gürcüstanda nəhəng neft terminalı, Türkiyədə neft emalı zavodu Azərbaycan hökumətini təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Azərbaycanın neftçi və mühəndisləri isə Moldovada neft yataqlarının kəşfiyyat və hasilatını öz üzərlərinə götürüb.
“Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra Heydər Əliyev tərəfindən Bakıda beynəlxalq nüfuza malik “Xəzərneftqaz” sərgi-konfransının təşkil edilməsi ənənəsinin əsası qoyuldu. Bu sərgi-konfransı Bakıda hər il təşkil etməkdə əsas məqsəd Xəzər regionunun neft və qaz potensialını dünyanın işgüzar dairələrinin nəzər-diqqətinə çatdırmaqdan, neft və qazın hasilatı, istehsalı, daşınması, adı çəkilən sahədə ən yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşmış şirkətlərin bir-biri ilə yeni işgüzar əlaqələrinin yaranmasına təkan verməkdən ibarət idi.
"Əsrin müqaviləsi" Azərbaycanı bir daha bütün dünyaya neft ölkəsi kimi tanıtdı, 1999-cu ilin iyununda Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" qaz-kondensat yatağından ilkin nəticələrin əldə olunması isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik olan bir ölkə kimi təqdim etdi.
Beləliklə də Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğu təsdiq edilir. Bütün bu deyilənləri əvvəlcədən görən Azərbaycan Prezidenti Heydər Əliyev ‎"Əsrin müqaviləsi"nin imzalanması mərasimində söylədiyi tarixi nitqində deyib: "Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox ‎xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən ‎tarixi hadisəni layiqincə qiymətləndirəcəklər".‎
"Əsrin müqaviləsi" ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə ‎Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Ölkənin digər sahələrinə də xarici investisiyaların sürətli axını başlandı və hazırkı inkişafın əsası təmin edildi. Azərbaycan neft strategiyasının banisi Heydər Əliyev verdiyi müsahibələrin birində "Əsrin müqaviləsi" haqqında danışarkən onun "dar və təhlükəli cığırla" keçərək ərsəyə gəldiyini bildirib. Bu gün həmin cığır Azərbaycanın böyük inkişaf yoluna çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının perspektivinə qiymət verərkən dediyi bu fikir yerinə düşür: "Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir."

Fərmin Quliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi
09.12.2022 Heydər Əliyev - Azərbaycan xalqının yaddaşında əbədiyaşar lider və xilaskar dövlət xadimi .Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olublar. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır!

İlhamə Mirzəyevə Nizami rayonu 227 saylı məktəbin direktor müavini
09.12.2022 Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur.“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Ümummilli Lider Heydər Əliyev

Ulu Öndər gənclərə böyük qayğı ilə yanaşırdı. Gəncləri cəmiyyətimizin ən fəal kateqoriyası sayan Heydər Əliyevin siyasətində gənclərlə bağlı məsələlər həmişə ön planda olmuşdur. “Gələcəyimiz gənclərə məxsusdur” tarixi kəlamı dövlətimizin gənclər siyasətinin əsas amili idi. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün çox önəmlidir.
Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.
Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmml təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.
Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Formda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Əlbətdə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir.
Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.


Valeh Əmrahov Nizami Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşı
06.12.2022 Zəfər paradı  Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının təzahürüdür. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Qələbə paradı Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış şanlı qalibiyyət yürüşü idi. Paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirilmişdi. Ermənistanın hərbi texnikası onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar metal parçasına döndülər. Erməni hərbi texnikası. tankları rəşadətli Ordumuzun hərbi qəniməti kimi Bakıya gətirildi və paradda nümayiş olundu.
Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti mənəvi zərbə di. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj oldu. Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu. "Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”, - deyə Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirmişdi.
Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.
Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərmişdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir.
Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Məhi Mehtiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri

06.12.2022 Qələbə paradı gücümüzün və qüdrətimizin nümayişi idi.2020-ci il 27 sentyabrdan başlayaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəmi 44 gün çəkdi. Tariximizə 44 günlük Vətən müharibəsi kimi yazılan bu səhifə erməni işğalçı qüvvələri üzərində tam qələbə ilə nəticələndi. Elə döyüşlərin ilk günlərində cəbhədə böyük üstünlük qazan ordu hissələrimiz tezliklə bir sıra kənd və şəhərləri azad etdi, strateji yüksəkliklərə sahib oldu. Düşmənin 30 il müddətində qurduğu istehkamlar, döyüş texnikası, canlı qüvvəsi darmadağın edildi. 8 noyabrda Qarabağın tacı olan Şuşa şəhərinin düşməndən azad olunması müharibənin qalibiyyətlə başa çatdırılmasında son əməliyyat kimi hərb tariximizə yazıldı. Şuşanın azad olunmasından sonra ermənistanın hərbi-siyasi rəhbərliyi artıq uduzduqlarını tam anlamda başa düşdülər və sonrakı ağır zərbələrdən özlərini xilas etmək üçün kapitulyasiya Bəyannaməsini imzalamağa razı oldular. 10 noyabr Bəyannaməsini imzalanmaqla Azərbaycanın Vətən müharibəsində tam qələbəsi təsdiqləndi, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana verildi. 8 noyabr Şuşanın azad olunduğu gün Zəfər bayramı kimi şanlı tariximizə qızıl hərflərlə yazıldı. Bu qələbə 30 illik işğala, yurddaşlarımızın torpaq həsrətinə son qoydu. Bu qələbə eyni zamanda Azərbaycan Prezidentinin qətiyyətini və ordumuzun qüdrətini dünyaya bəyan etdi. Vətən müharibəsi bütün dünyaya, xüsusilə də erməni havadarlarına bir daha göstərdi ki, Azərbaycan xalqı öz əzəli tarixi torpaqlarının işğal altında qalması ilə heç zaman barışmayacaq və nə yolla olursa olsun onları geri alacağıq, işğalçı qüvvələri bu torpaqlardan qovacağıq.
Vətən müharibəsində qazanılan tarix Zəfər qələbəsi dövlət xalq birliyinin möhtəşəmliyini, xalqımızın ordumuza olan böyük inamını bir daha göstərdi. 10 dekabr tarixində Bakıda keçirilən Qələbə paradı isə böyük qələbəmizin məntiqi sonluğu, düşmən üzərində qələbəmizin nümayişi idi. İlk dəfə olaraq Azadlıq meydanında Qələbə paradı keçirildi. Paradda 3000 şəxsi heyətin və 150 hərbi texnikanın iştirakı onun möhtəşəmliyinin göstəricisi idi. Döyüş meydanlarında ələ keçirilmiş, vurulmuş düşmən texnikasının paradda nümayişi isə məğlub tərəfə sanki bir göz dağı idi. Eyni zamanda düşmən texnikasının ələ keçirilmiş texnikasının nişanlarından istifadə edilməklə “Qarabağ –Azərbaycandır! şüarı yazılmış maşının paradda keçməsi xalqımızda xüsusi riqqət və məğrurluq hissləri yaratdı. Paradın möhtəşəmliyini göstərən başqa bir amil qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğanın və digər hökumət və parlament üzvlərinin, eləcə də hərbçilərin bu paradda iştirak etmələri idi. Müharibənin ilk günlərindən Türkiyə Azərbaycanın yanında oldu, ona hər cür dəstək göstərdi. Məhz Qələbə paradında da onların iştirakı qardaşlığmızın və əbədi dostluğumuzun bir simvolu idi. Azərbaycan hərbçiləri ilə Türk hərbçilərinin yanaşı addımlaması bir daha dünyaya bir mesaj idi, dünya bilsin ki, Azərbaycan tək deyildir, onun haqq savaşında Türkiyə kimi bir ölkə yanındadır. Zəfər paradı Azərbaycan-Türkiyə birliyinin bir daha təqdimatı oldu. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi qəbul olundu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi. Paradda çıxış edən Azərbaycan Prezidenti bu barədə demişdir: “Türkiyə hər zaman Azərbaycanın yanındadır, bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Zəfər Paradında birgə iştirak da bu birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya nümayiş etdirdi”.
Paradda ən yadda qalan məqamlardan biri də Şuşada qaldırılan Qələbə bayrağının parada gətirilməsi idi. Bu bayraq qələbə bayrağı, zəfər bayrağıdır. Onun uğrunda minlərlə oğul və qızlarımız canından keçmişlər. Eyni zamanda bu bayraq qələbəmizin göstəricisi, qalibiyyətimizin simvoludur. Cənab Prezident İlham Əliyev 2018-ci ilin iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda çıxışında qeyd etmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
10 dekabr Qələbə paradında artıq həmin günün şahidi olduq.

Heydər Rəhimov Qarabağ veteranı, ehtiyatda olan zabit
06.12.2022 10 dekabr Zəfər paradı tarixi hadisədir.10 dekabr 2020-ci il tarixində Bakıda keçirilən Qələbə paradı erməni faşizmi üzərində qələbəmizin dünyaya nümayişi idi. Bu parad eyni zamanda gücümüzü, qüdrətimizi göstərdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin təntənəsi qələbə paradının möhtəşəmliyini daha artırırdı. Zəfər paradı Azərbaycan xalqının 30 illik torpaq, yurd sevgisi uğrunda mübarizəsinin göstəricisi idi. Paradda müasir texnika və yüksək döyüş bacarığına malik canlı qüvvənin nümayişi ordumuzun dünyanın ən güclü ordularından biri olduğunun əyani sübutu idi. Paradda diqqət çəkən məqamlardan biri isə dünyaya bir mesaj kimi ünvanlanan qardaş Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın və türk hərbçilərinin iştirakı idi. Sevindirici haldır ki, Türkiyənin dəstəyini təkcə ölkə rəhbərindən, müdafiə naziri və xarici işlər naziri tərəfindən deyil, digər vəzifəli şəxslər və ümumilikdə bütün türk xalqının hər bir nümayəndəsindən gördük. Bu isə bütün dünyaya haqq savaşında Azərbaycanın tək olmaması barədə verilən siqnal idi.
Zəfər paradı zamanı düşmənin atıb qaçdığı və döyüş meydanında məhv edilən yüzlərlə texnikasının nümayişi erməni xalqının tarixində bir rəzalət, utanc kimi yadda qaldı. Paradda çıxış edən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev böyük fəxarətlə demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Zəfər paradı göstərdi ki, torpaq , Vətən sevgisi, Dövlət- Xalq və Xalq-Ordu birliyi, bütövlüyü qarşısında bütün cılız qüvvələr, işğalçı cinayətkarlar yalnız ölümə və məğlubiyyətə məhkumdurlar. Məhz xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsi, ordumuza olan güvənci və inamı sayəsində 30 illik işğala son qoyuldu, əzəli torpaqlarımız yağı düşmənlərin tapdağından birdəfəlik xilas edildi.
Qələbə paradı eyni zamanda “məğlubedilməz erməni ordusu”nun boş xülya və sabun köpüyü olmasını bir daha dünyaya sübut etdi. Bu parad sübut etdi ki, vətənsevər Azərbaycan oğul və qızları ölümün gözünə dik baxaraq yurd həsrətinə son qoymaq üçün canından, qanından keçməyə hər an hazır idilər.
Torpaqlarımızın işğalı Əsrin faciəsi idisə, azad edilməsi Əsrin Qələbəsi kimi tarixə yazıldı. Əsrin faciəsindən Əsrin qələbəsinə gedən yol bizi daha da mətin etdi. Bir xalq kimi birləşməyə, həmrəyliyə səslədi. Vətən müharibəsində Ali Baş Komandanın ətrafında xalqın həmrəyliyi, birləşməsi bütün dünyaya bir nümunə oldu. Bundan sonra bizləri daha gözəl, firavan günlər, inkişaf mərhələsi gözləyir.
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsidir.

Sevil Əliyeva Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru